Laboratoriya rəhbəri
aqrar elmləri üzrə elmlər doktoru, dosent
Mustafayev Mustafa Qılman oğlu
Tel: (99412) 538-69-94
E-mail: melorasiya58@mail.ru
Laboratoriya 1949-cu ildə SSRİ EA-nın müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü V. Volobuyevin rəhbərliyi ilə yaradılmışdır və həmin dövrdən başlayaraq laboratoriyada Kür-Araz ovalığında torpaqlarda duzların genetik formaları, meliorativ rayonlaşma, şorlaşmış torpaqlarda meliorasiya üsullarının işlənib hazırlanması, balans müşahidələri əsasında su-duz balansı, duzların dərin qatlarda yayılma qanunauyğunluqları, meliorasiya olunmuş torpaqlarda yuma proseslərinin, yuma normaları və suvarma rejimlərinin müəyyənləşdirilməsi, duzların miqdarı və tipinə əsasən yeni duzluluq təsnifatı, torpaq mühiti ilə natrium ionu arasında əlaqə, su-duz rejimi və proqnozu öyrənilmişdir. V.Volobuyevin rəhbərliyi ilə torpaqların ekologiyası, torpaq əmələgəlmə energetikası, şorlaşmanın genetik formalarının səciyyəsi və bir sıra digər sahələrində geniş tədqiqatlar aparılmış və nəticələr «Torpaq və iqlim» (1953); «Torpaq ekologiyası» (1963); «Kür-Araz düzənliyi torpaqlarının şorlaşmasının genetik formaları» (1965) və bir sıra kitablarda öz əksini tapmışdır. İlk dəfə 1980-cı illərdə Kür-Araz ovalığının 1:200000 miqyasında torpaqların duzluluq xəritəsi (Ak. V.Volobuyev, Q.Əzizov, Ə.Qədimov), Baş Mil-Muğan kollektorunun layihəsini tərtib etmək üçün Mingəçevir su anbarının başlanğıcından Xəzər dənizinə kimi Kür çayının sağ tərəf ərazisi torpaqlarının duzluluğu, karbonatlığı, gipsliliyi nəzərə alınaraq 1:200000 miqyasında xəritələri Layihə Dövlət komissiyası və SSRİ Su Təsərrüfatı Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş və geniş istifadəsini tapmışdır.
Çoxillik tədqiqatların nəticələri əsasında «Azərbaycanın şorlaşmış torpaqları, onların meliorasiyası və münbitliyinin artırılması» (Q.Əzizov, Ə.Quliyev, 1999), «Azərbaycanda suvarmanın tarixi» (Q.Əzizov, Ə.Həsənəliyev, 2001), «Azərbaycanın şorlaşmış torpaqlarının duzluluq dərəcəsi və tipinə görə təsnifatı» (Q.Əzizov, 2002), «Kür-Araz ovalığının meliorasiya olunan torpaq-qruntlarının su-duz balansı və onun nəticələrinin elmi təhlili» (Q.Əzizov, 2006) kitabları nəşr edilmişdir. Bakı-Tibilisi-Ceyhan neft boru kəməri boyunca kompleks tədqiqatlar aparmaqla onun Azərbaycan hissəsində baş verə biləcək təhlükələr və onların qarşısının alınması yolları öyrənilmiş nəticələr azərbaycan və ingilis dillərində kitab şəklində çap olunmuşdur (2009-cu və 2014-ci ildə).
2007-2010-cu illərdə Muğan Salyan massivində, 2011-2013-cü illərdə isə Şirvan düzündə «Torpaq tədqiqatları» ekspedisiyası təşkil olunmuş və torpaqlarda baş vermiş ekoloji dəyişikliklər, onların biomorfogenetik dioqnostik göstəriciləri, şorlaşma, şorakətkətləşmə prosesləri müəyyənləşdirilmişdir. Tədqiqatların nəticələri əsasında 2009-cu ildə M.Q.Mustafayev tərəfindən 1:200000 miqyasında Muğan-Salyan massivində torpaqların duzluluq və deqradasiya xəritələri tərtib olunmuşdur. Laboratoriyanın əməkdaşları 2010-2013-cü illərdə Şirvan düzündə xam, suvarılan boz-çəmən, suvarılan çəmən-boz və suvarılan zəif şorlaşmış çəmən-boz torpaqlardan monolit götürmüşdür.Muğan-Salyan massivində tədqiqatların nəticələri əsasında «Muğan Salyan massivində şorlaşmış torpaqların meliorativ vəziyyəti» adlı monoqrafiya (rus dilində) nəşr edilmişdir (M.Mustafayev, 2014).
Rusiya, Belorusiya və digər MDB ölkələrinin alimlərinin iştirakı ilə «Практика рекультивации загрязненных земель» adlı dərs vəsaiti nəşr edilmiş və elm, təhsil, layihə işlərində geniş istifadə olunur (M.Mustafayev, G.Cəbrayılova, 2012, Ryazan).Ümumilikdə Azərbaycanın və onun müxtəlif bölgələrinin geomorfologiyasını, relyefinin plastikasını, torpaq-meliorativ rayonlaşdırılmasını, torpaqlarının duzluluğunu və tərkibini xarakterizə edən 40-dan çox müxtəlif miqyaslı xəritələr tərtib edilmişdir. Uzun müddətli tədqiqatların nəticələrinə əsasən yeni xəritələr tərtib olunmuş, hazırlanmış tövsiyələr və aqromeliorativ tədbirlər sistemi hazırda torpaqların yaxşılaşdırılması istiqamətində fermer və fərdi təsərrüfatlarda geniş istifadə edilir.Əsas fəaliyyət istiqamətləri.
Respublikada torpaqların ekomeliorativ vəziyyətinin qiymət-ləndirilməsi, su-duz balanslarının tərtibi, duzluluq dərəcəsi ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında əlaqənin tədqiqi.
Əsas elmi nəticələri.
Torpaqların duzluluq dərəcəsinə və tipinə görə təsnifatı, əsaslı meliorasiya üçün yuma normalarının təyini, qrunt sularının böhran (kritik) və buraxıla bilən dərinliklərin təyini; su-duz rejiminin proqnozu, nizamlanması və optimallaşdırılması; istismar dövrü üçün daimi drenlər arasındakı məsafələrin optimal qiymətlərinin tapılması, duzluluq xəritələrinin tərtib olunması, duzluluqla kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında riyazi asılılıqların müəyyən edilməsi, suvarılan torpaqların meliorativ vəziyyətinin meyarlarla qiymətləndirilməsi. Göstərilən parametrlərin hesablanması üçün riyazi modellər təklif edilmişdir.