Laboratoriya rəhbəri
aqrar elmləri üzrə fəlsəfə doktoru,
dosent Məmmədov Qoşqar Məhərrəm oğlu
Tel: (+994) 12 510 55 91
E-mail: agrochemlab@tai.science.az,
goshgarmm@day.az
Laboratoriyanın yaranma tarixi:
– Torpaq tədqiqatlarında innovasiya laboratoriyası 2012-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmışdır. 2015-ci ildən isə İnstitutda aparılan müvafiq struktur dəyişikliklərinə uyğun olaraq “Torpaq aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası” adlandırılmışdır. Laboratoriya aparıcı elmi işçi, kiçik elmi işçi, mühəndis və laborant vəzifələri ilə, o cümlədən əyani doktorant və dissertantla təmsil olunmuşdur.
Tədqiqatların əsas istiqamətləri:
– Torpaqların aqrokimyəvi və fiziki kimyəvi xüsusiyyətlərinin müasir metodlarla, o cümlədən müasir analitik cihazlar vasitəsilə tədqiqi;
– Torpaqların çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi və torpaq münbitliyinin bərpası, o cümlədən, müxtəlif səbəblərdən çirklənmiş və münbitliyi itirilmiş torpaqların yenidən istehsal dövriyyəsinə qaytarılması üçün uyğun bərpa üsullarının seçilməsi və tövsiyələrin hazırlanması;
– Təbii və mədəni senozlarda torpaqların aqrokimyəvi, fiziki-kimyəvi xassələri, gübrələnmə sisteminin təkmilləşdirilməsi və torpaq-aqrokimyəvi tədqiqatlarda müasir analiz üsullarının tətbiqi;
– Torpaq-aqrokimyəvi tədqiqatlarda yeni fiziki-kimyəvi analiz üsullarının və metodlarının işlənilməsi;
Mühüm nailiyyətlər:
– Quba-Xaçmaz zonasının allüvial çəmən-meşə torpaqlarında müxtəlif aqrosenozlarda tərəvəz-taxıl, meyvə və çoxillik yem bitkiləri altında torpaqların aqrokimyəvi xüsusiyyətləri müqayisəli təhlil edilmişdir.
Torpaqların aqrokimyəvi göstəriciləri üzrə udulan ammonyak azotu (N-NH4), mütəhərrik fosfor (P2O5) və mübadilə olunan kaliumun (K2O) miqdarına görə dayanıqlığının çoxillik yem bitkiləri altında yaxşı, meyvə bitkiləri altında orta, tərəvəz – taxıl bitkiləri altında isə zəif olduğu müəyyən edilmişdir.
Laboratoriya hal-hazırda aşağıdakı istiqamətdə; torpaqların aqrokimyəvi xüsusiyyətləri və kənd təsərrüfatı bitkiləri altında regional gübrələnmə sisteminin təkmilləşdirilməsi, həmçinin Abşeronun əkinə yararlı və çirklənmiş sahələrinin aqrokimyəvi, fıziki – kimyəvi xüsusiyyətləri və münbitliyinin bərpası üsulları üzrə işləri yerinə yetirilir.
Qrant layihələrində iştirak:
– Laboratoriya əməkdaşları Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda sel suları altında qalmış ərazilərin torpaq münbitliyinin bərpası” qrant layihəsində iştirak etmişlər. (2011-2013)
– 2014-cü ildə isə Ukrayna Elm və Texnologiyalar Mərkəzi tərəfindən maliyyələşdirilən və AMEA Botanika İnstitutu ilə birgə yerinə yetirilən “Gəncə ətrafındakı ərazilərdə neftlə çirklənmiş torpaqların bitkilərlə bioremidasiyasının yeni texnologiyası” mövzusunda qrant layihəsinin icraçısıdırlar.
Beynəlxalq əməkdaşlıq:
Laboratoriya əməkdaşlarının Ukrayna, Belarus, Moldova və Qazaxıstan Elmlər Akademiyalarının müvafiq İnstitutları ilə, Moskva Torpaq İnstitutu, Türkiyə Torpaqşünaslar Cəmiyyəti, eləcə də Almaniyanın “Analitik Yena” şirkəti ilə elmi təcrübi əməkdaşlığı mövcuddur.
2013-cü ilin noyabr ayında “Analitik Yena” şirkətinin əməkdaşları, o cümlədən İohann Marko və İsmayıl Selin iştirakı ilə Contr AA 700 cihazın iş prinsipi və işə salınması ilə bağlı laboratoriyada treninq təşkil edilmişdir.
Kadr hazırlığı:
Laboratoriyada kadr hazırlığı üzrə üç əyani doktorant və iki dissertant tədqiqat işi yerinə yetirir. “Abşeronun çirklənmiş torpaqlarında aqrofiziki xassələrin tədqiqi və münbitliyin bərpası”; “Vermikompostların Dieffenbachia amonea dekorativ bitkisi altında tətbiqinin aqrokimyəvi qiymətləndirilməsi” mövzularında iki dissertant, “Kiçik Qafqazın dağ-qara torpaqlarında gübrələrin kartof bitkisi altında tətbiqinin aqrokimyəvi xüsusiyyətlərinin müasir statistik proqram vasitəsi ilə tədqiqi” mövzusunda isə əyani doktorant elmi-tədqiqat işlərini yerinə yetirirlər.